Qazamatbaşı

“Azadlıqda “Jiqulin”i bəyənmirdik, “Mersedes”ə əyləşirdik. İndi isə “Stolıpin” yerinə “voronok” istəyirik."

Qazamatbaşı

“Azadlıqda “Jiqulin”i bəyənmirdik, “Mersedes”ə əyləşirdik. İndi isə “Stolıpin” yerinə “voronok” istəyirik."

Yadigar Sadiqov before his arrest. (Photo courtesy of Y. Sadiqov)
Yadigar Sadiqov before his arrest. (Photo courtesy of Y. Sadiqov)
Wednesday, 18 February, 2015

2013-cü il iyunun 27-də polis tərəfindən saxlandıqdan 2 gün sonra Lənkəran rayon məhkəməsi haqqımda həbs qəti-imkan tədbiri seçdi. Məhkəmədən qayıdan kimi məni təcili “Fiat” markalı  rost-patrul xidməti maşınına əyləşdirərək Kürdəxanıda yerləşən Bakı İstintaq təcridxanasına göndərdilər. Həbs qəti-imkan tədbirinin vaxtı avqustun 29-da bitirdi. Buna görə də avqustun 21-də Lənkərana etap olundum. Məhz həmin gün məhbusların “Stolıpin” adlandırdıqları dustaq vaqonu ilə tanış oldum.

Vaqona verilən ad XX əsrin əvvəllərində çar Rusiyasının baş naziri olmuş Pyotr Arkadyeviç Stolıpinə (1862-1911) bağlıdır. 1905-07-ci illərin birinci rus inqilabı zamanı iqtidara gətirilən Stolıpin inqilabçıların kütləvi həbslərini həyata keçirərək Sibirə sürgün etdirirdi. Bu kütləvilikdən doğan zərurət səbəbindən xüsusi dustaq vaqonları yaradıldı ki, onlar da xalq arasında “Stolıpin vaqonları” adını aldı. Təbii ki, müasir dustaq vaqonları ilə o zamankılar eyni deyil. Bununla belə, nəsildən nəslə ötürülən termin hələ də istifadədədir. Hərçənd, bu gün dustaqların çoxu-hər halda Azərbaycanda belədir-terminin mənasından xəbərsizdirlər. Hətta bəziləri müəyyən oxşarlığa aldanıb bu terminin Stalinin soyadından götürüldüyünü güman edirlər.

Etap olunduğumuz vaqon, konvoy üçün nəzərdə tutulmuş hissəni nəzərə almasaq, 9 kupe-kameradan ibarət idi. Kupelərin beşi daha böyükdür və daha çox məhbus üçün nəzərdə tutulub. Burada iki tərəfdə üç mərtəbədə taxta rəflər mövcuddur. Digər 4 kupe isə daha balacadır və yalnız bir tərəfində rəflər var. Kiçik kupelər qadın, azyaşlı, problemli (hakimiyyətin vicdan məhbuslarına şamil etdiyi terminlə səhv salmamalı) dustaqların digərlərindən ayrı etap olunması üçün nəzərdə tutulur. Ehtiyac olmadıqda isə adi dustaqlar da bu kupelərə bölünür. İstər Lənkərana, istərsə də Şirvana etap olunduğum vaxtlarda sadalanan kontingentdən yalnız qadınlar olurdu. Sonuncu, 9-cu kupe onlar üçün ayrılırdı. Onu da deyim ki, bu yeganə kupe idi içəridə işıqlanması vardı. Digər kupelər vaqonun dəhlizindən işıqla kifayətlənməli olurdular.

Kiçik kupelərin digərlərinə isə ilk növbədə yaşlı, səhhətində ciddi problemi olanlar yerləşdirilirdi. Bundan sonra qalan yerlər digər dustaqlara verilirdi. Lənkərana ilk iki səfərimdən sonra məhbusların mənə hörmətlə yanaşması və “müəllim” deyə müraciət etməsi ilə əlaqədar şəxsimlə maraqlanan konvoy rəhbərliyi sonrakı etaplarda məni də kiçik kupeyə salmağa başladı. Bu isə nisbətən, təkrar edirəm, nisbətən rahat şərait demək idi. Belə ki, etap olunan məhbusların sayından asılı olaraq böyük kupelərdə 12-15 məhbus olurdusa, kiçik kupelərdə bu rəqəm 3-5 arası dəyişirdi.

Sərnişin vaqonlarından fərqli olaraq, məhbus vaqonundakı kupelərin çöl tərəfə pəncərəsi olmur, təbii ki, İçəridə stol da yoxdur. Dəhliz tərəfi isə qapı da daxil olmaqla barmaqlıqlardan ibarətdir, yəni qapalı hissəsi olmur. Dəhlizdə isə adi vaqonlar kimi pəncərələr mövcuddur, lakin barmaqlıqlıqlarla əhatələnib. Vaqonun yuxarı başı (isti su aparatı olan yer) konvoy üçün nəzərdə tutulub. Burada konvoy üzvləri qida qəbul edir, növbədə olmayanlar istirahət edirlər. Növbədə olan əsgərlər isə kupe-kameraların önündə, dəhlizdə olurlar.

Adi sərnişin qatarına birləşdirilən “Stolıpin” 10 gündən bir ölkənin konkret istiqamətinə gedir və qayıdır. Lənkəran səfərlərim Bakı-Astara qatarı ilə olurdu ki, dustaq vaqonu bu eşalona hər ayın 1, 11 və 21 tarixlərində birləşdirilir. Şirvan Apelyasiya məhkəməsinə isə Bakı-Horadiz qatarı ilə aparılırdıq. “Stolıpin” bu istiqamətdə hər ayın 5, 15 və 25-də hərəkət edir. Əks-hərəkət, yəni Bakıya qayıdış göstərilən tarixlərin ertəsi günü baş verir. Adətən hər dəfə 10 gün əvvəl bölgələrə aparılmış məhbuslar geriyə, istintaq təcridxanasına gətirilirlər. Rayonlarda dustaqlar yerli polis şöbələrinin müvəqqəti saxlanma yerlərində saxlanılırlar. Buradakı bəzi məhdudiyyətlər səbəbindən məhbusu 10 gündən artıq saxlamağa icazə yoxdur.

Hərçənd, mümkündür ki, dustaq elə gəldiyi gün də geri qaytarılsın. Bu istintaqın və ya məhkəmənin gedişindən asılıdır. Özüm də bir dəfə belə hal yaşamışam. Noyabrın 22-də Lənkərana çatdım, həmin gün məhkəmə iclası oldu, növbəti iclas isə dekabrın 4-nə təyin edildi. Bu səbəbdən də elə həmin gün geri qaytarıldım və dekabrın 1-də yenidən məmləkətə aparıldım.

Bəzən isə müxtəlif problemli məhbusların-özünə xəsarət yetirməyə meylli olanların, psixi problemlərin (və ya beləsini simulyasiya edənlərin), məhbuslar tərəfindən bəyənilməyən cinayət, xüsusən seksual zorakılıq törətməkdə təqsirləndirilənlərin məhkəməsi elə təyin olunur ki, müvəqqəti saxlanma yerində çox qalmasınlar, gəldiyi gün geri qayıtsınlar. Bununla da yerli polis şöbələri xəta-bəlanı özlərindən uzaqlaşdırmağa çalışırlar.

Heç də rahat olmayan “Stolıpin səfəri”ni bir sutkada 2 dəfə qət etmək isə heç də ürəkaçan məşğuliyyət deyil. Lakin bu səfərlərin çətinlikləri barədə növbəti məqalədə yazmağı planlaşdırıram.

Məhbusların əyalətə və geriyə etapları “voronok” adlandırdıqları xüsusi maşınlarla da həyata keçirilə bilər. İstintaq və məhkəmə hərəkətləri ilə bağlı Lənkərana etdiyim 8 səfərin hamısı qatarla olsa da, 3 geri dönüşüm “voronok”la oldu. Məqalənin əvvəlində bəhs etdiyim ilk etap zamanı Lənkəran MSY-də (İVS) məhbusların sayı hesablandığından çox oldu. Bakıdan aparılanlardan savayı həmin dövrdə xeyli yeni həbs edilənlər oldu. Avqustun 25-də Xəzər-Lənkəran—Neftçi oyunundan sonra 5 azarkeş həbs edildi. 4 gün sonra narkotik satışı ittihamı ilə 4 nəfərlik qrup saxlanıldı. Başqaları, tək-tək tutulanlar da vardı. Kameralarda 4 nəfər yerinə 5-6 məhbus saxlanılırdı. Ona görə də 16 nəfər dustaq avqustun 31-də “voronok”la Bakıya göndərildik. Bir də son iki səfərimdən sonra, prokurorun 7 il iş istədiyi 24 dekabr və hakimin 13 yanvar tarixli iclasların ertəsi günü məni maşınla Kürdəxanı təcridxanasına qaytardılar. Yerli hakimiyyət etiraz aksiyalarından çəkinərək bu addımı atmışdı.

“Voronok”la etapın “Stolıpin”ə nisbətən bir üstünlüyü vardı ki, daha qısa-təxminən 5 saat çəkirdi. Lakin özlüyündə o da heç xoş deyil, xüsusən də yolun bərbad vəziyyətdə olduğu Lənkəran-Salyan hissəsi. Havalar isti, etap olunan məhbusların sayı çox olduqda isə etap tamamilə dözülməz olur.

Şirvan Apelyasiya məhkəməsinə etdiyim 5 səfərin isə hamısında “voronok”la geri qayıdırdım. Şirvan MSY-də belə “xüsusi etap”lar daha tez-tez baş verir. Şirvan-Şüvəlan etapları Lənkəran-Kürdəxanı etaplarından daha rahat idi. Əvvəla, qət olunan məsafə xeyli qısadır. Ən geci 2,5 saata mənzibaşına, daha doğrusu, qazamatbaşına yetişirsən. İkincisi də, Şirvandan çıxan kimi qoşayol sisteminə qoşulduğundan səfər daha rahat keçir. Lakin bu rahatlıq təbii ki, nisbi, həm Lənkərandan “voronok” etapları, həm də qatar etapları ilə müqayisəli səciyyə daşıyır.

Dustaqların tez-tez işlətdikləri “azadlıqda Bakıya gedib gələrkən “Jiqulin”i bəyənmirdik, “Mersedes”ə əyləşirdik. İndi isə “Stolıpin” yerinə “voronok” istəyirik” ifadəsi bu nisbiliyi dolğun xarakterizə edir.

Yadigar Sadıqov

Frontline Updates
Support local journalists