Institute for War and Peace Reporting | Giving Voice, Driving Change

Ümidlər məhv olmasın…

Onun ən böyük arzusu mənimlə bir kamerada qalmaq idi.
By Uzeyir Mammadli

Həbsxanaya düşəndən bəri müxtəlif insanlarla qarşılaşmışam. Ünsiyyətdə olmuşam. Hər xasiyyətdə insan tanımışam. Amma 2013-ün martından bu yana tanıdığım insanlar arasında mənə ən çox təsir edən bir nəfər olub. Ümid.

Ümidlə tanışlığım. Həbsxanaya düşməyimin üçüncü günü idi. Kamerada bekarçılıq idi. zindanda adamın nə işi ola bilər ki? Bütün günü düşünürdüm. Düşünürdüm ki, məndən sonra kim həbs olunacaq? İşlər necə istiqamət alacaq? Düşünürdüm və ürəyim sıxılırdı. Ümid həmin vaxtlarda gəlmişdi… Onun həyat hekayəsi məni sıxıntıdan qurtardı.

Ümid səmimi, səmimi olduğu qədər də sadəlövh uşaq idi. Çirkaba bulaşmamışdı. 2013-cü ilin martında narkotik ittihamı ilə həbs olunmuşdu.

Ümiddən sonra mən müxtəlif vaxtlarda 20 nəfərə yaxın dustaqla eyni kameranı bölüşmüşəm. Amma mənə Ümid qədər təsir edən olmayıb. Ümidlə cəmi 3 gün bir kamerada qaldım, bu üç gündə ona çox şey öyrətməyə çalışdım. Amma vaxt çox az idi. Onun ən böyük arzusu mənimlə eyni kamerada qalmaq idi. Ayrılanda o da, mən də kövrəlmişdik.

Ümid 1991-ci ildə, Şamaxı rayonunun Sabir kəndində anadan olub. Demək olar, məktəbə heç getməyib. Oxuyub-yazmağı bilmir. Hərfləri güclə tanıyır. Fiziki anlamda çox güclü və möhkəmdi, daşdan yumşaq nə varsa, yeyir. 8-9 yaşlarından o çiynində ov tüfəngi ilə gəzib. 14 yaşı olanda dağda 3 canavar öldürüb. Atası ruhi xəstə olub. 90-cı illərin sonlarından atasının xəstəliyi şiddətlənib və ailə başsız qalıb.

Məcbur qalıb, bütün mal-heyvanı, torpaqlarını satan ailə müflis olub. 2009-cü ilin aprelində Ümid hərbi xidmətə gedib. Sərhəd bölgəsinə düşüb. Orda da başa vurub xidmətini. Yaxşı xidət elədiyinə görə dəfələrlə fəxri fərmanla təltif edilib. Deyirdi ki, Mübarizin hərəkətindən çox təsirlənib, onun kimi olmaq istəyib. Amma soruşanda ki, qarşına ermənilər çıxsaydı, nə edərdin, cavab verməyə çətinlik çəkirdi. Deyirdi ki, bu barədə düşünməyib.  Ümumiyyətlə, o zehnini çox işlətmirdi. Ümid daha çox əzələlərinə güvənirdi.

2010-cu ilin oktyabrında hərbi xidmətdən qayıdanda maddi vəziyyəti çox pis olduğundan, Moskvaya gedir. Dayı adlandırdığı kəndlisinin yanına. Bir müddət sonra Çerkizov bazarı bağlandığından, vətənə qayıtmalı olur.

Bir müddət şadlıq sarayında ofisiant işləyir. Sevdiyi xanımla nişanlanır. Qazancı az olduğundan, Bakıya gəlir ki, fəhlə işləsin. 2013-cu il, martın sonu yenə Bakıya gəlir. Keşlə qəsəbəsində yükboşaltma məntəqəsində fəhlə işləyirmiş. Bura həmin yermiş ki, onun dediyinə görə bir oliqarxın oğlu burdan hər gün yüz min «şapka» alırmış.

Martın 29-u Ümid yenə Keşləyə gedir, günortaya qədər gözləsə də, iş olmur. Durub, mərkəzə gəlir, bir müddət skamyada oturur. Qəfildən ona bir adam yaxınlaşır. Ordan-burdan söhbət edirlər. Sonra adam ona 600 manatqazancı olan «iş» təklif edir. İşin mahiyyəti isə bundan ibarət olur ki, Ümid marixuanadolu torbanı götürüb, ordan uzaqlaşmalı imiş. Cibində bircə qəpiyi də olmadığından, o, razılaşır. Torbanı götürüb, 3-4 adım uzaqlaşan kimi, polislər yaxınlaşır və Ümidi yaxalyıb, maşina mindirirlər.

Polis bölməsində hər şeyi olduğu kimi danışır. Onlar da torbanı bir az da doldurub, «külli miqdar» edirlər. Dövlət hesabına da bir vəkil verirlər, onun da işinin adı bu olur ki, «bu uşağı niyə bədbəxt edirsiz» deyib, məsələni bitirsin. Sonra da 234.4.3 və 234.4.1-ci maddələr, üç aylıq həbs qətiimkan tədbiri. Dostlardan biri Ümidi ilişdirən adamı tanıyır, deyir ki, o adam polis imiş.

Ümid cinayətkardımı? Qanunla mühakimə etsək, o cinayət edib. Yaxşı, bəs, Ümidi bircə tikə çörək üçün cinayət işləməyə məcbur edənlər kimdi?

İndi o hardadır, başına nə gəlib, bilmirəm, xəbərim yoxdur. Ona hüquqi yardım göstərəcək kimsə yox idi, yəqin ki, 7-8 il iş alıb. Əminəm ki, burda qalsa, həbsxana həyatı o sadəlövh uşağı ya mənəvi, ya fiziki mənada məhv edəcək. Amma bircə ümidim var ki, o mənə heç vaxt dəyişməyəcəyinə, həmişə belə təmiz qalacağına, çirkaba bulaşmayacağına söz vermişdi.

Üzeyir Məmmədli

More IWPR's Global Voices