«Məhbus qeydləri»

«Məhbus qeydləri»

Bu — müxalifətçələrin bir-birinə zarafatla elədikləri qarğışdır. Yəqin ki, unutmamısınız. Maraqlıdır, məhbusluq başqa məhdudiyyətlərlə yanaşı, həm də bu qarğışın qüvvəyə minməsi deməkmiş. Düzdür, təkcə AzTV-yə deyil, digər yerli kanallara da baxmaq şərtilə...Amma bu, vəziyyəti dəyişmir. Ciddi bir dəyişiklik baş vermir. İstintaq təcridxanalarında keçirdiyim və yerli telekanallara baxmağa məhkum olduğum 1 ay ərzində qənaətə gəldim ki, AzTV heç də ən bəd kanal deyil. Düzdür, sönükdür, digər kanallar daha rəngarəngdir. Lakin bu, bayağı rəngarənglikdir.

Sirr deyil ki, ölkə vətəndaşları yerli telekanallara o qədər də baxmırlar. Əhali əsasən çanaq antenaları və kabel televiziyaları vasitəsilə əcnəbi telekanalları seyr edir. Mən də istisna deyildim. Hətta çanaq antenasının olmadığı Müsavat Partiyası Lənkəran təşkilatının ofisindəki televizorumuz da xəbər buraxılışlarını izləmək üçün idi. Qalan vaxt səsini alır, saxlayırdıq ki, işləməməkdən xarab olmasın. Yeri gəlmişkən, hərdən müşahidə edirdim, nisbətən baxımlı kanal elə yerli Cənub TV idi. Yox, hansısa aktuallıq, operativlik və ya kreativlik baxımından deyil. Yalnız o səbəbdən ki, daha çox filmlər nümayiş etdirir, veriliş hazırlamaqla özlərini çox yormurdular. Düz də edirlərmiş. 

Həbsdə əmin oldum ki, verilişlərin hazırlanması bihudə zəhmət və artıq xərcdən başqa bir şey deyil. Düşünürəm ki, ancaq fimlərin və musiqili kliplərin göstərildiyi telekanal açılarsa, şübhəsiz ki, ölkədə ən populyar olar. Qayıdaq həbsxanaya.

İstintaq təcridxanalarındakı kameraların televizorlarla təchiz olunması bəndənizim həbsindən az öncə, 2013-cü ilin yazında baş verib. Hər şeyi qara tonlarla təqdim edən tənqidbaz olmaq istəmirəm. Buna görə də, etiraf edim ki, bu, özlüyündə mütərəqqi addım, sivil standartlara yaxınlaşmadır. Heç olmasa, xəbərləri izləmək, idman yarışlarını və filmləri seyr etmək yeknəsəq məhbus günlərini yola verməkdə kömək edir. Elə bəyənmədiyim verilişlərin izləyicisi olanlar da az deyil. Dustaq kontingentinin əksəriyyəti yüksək tələbkarlıqla seçilmir adətən. Mənim kamera yoldaşlarım da bu baxımdan əksəriyyətdən fərqlənmirdilər. Mən də məhz onların hesabına bu verilişlərin qeyri-ixtiyari izləyicisi və ya, ən azı, qulaq müsafiri olurdum. Axı kamera şəraitində televizordan heç yana qaça bilmirsən. Lap C.Oruellin “1984” əsərində olduğu kimi.

Oxuculara vəziyyət tam aydın olsun deyə izah edim ki, 1 ay ərzində istintaq təcridzanalarında 3 kamerada saxlanılmışam (ilkin və apelyasiya məhkəmələrim zamanı saxlanıldığım Lənkəran və Şirvan müvəqqəti saxlama təcridxanalarını saymıram, oralarda televizor olmur). Kürdəxanı təcridxanasında hökmə qədər altınəfərlik, məhkəmə hökmündən sonra isə ikinəfərlik kameralarda, Şüvəlan təcridxanasında isə onçarpayılıq (onnəfərlik ona görə yazmıram ki, burada heç vaxt 10 nəfər olmurdu. Müxtəlif vaxtlarda 12-16 məhbus olurdu) kamerada. 
Tele-işgəncə sarıdan ən yumşaq dövr 100 gün qaldığım ikinəfərlik kamerada idi, xüsusən də sələfi məzhəbinə mənsub dustaqla qaldığım son bir ayda. Məlumdur ki, sələflərin televizor kimi şeytan əməli ilə araları yoxdur. O səbəbdən də televizor tamamilə mənim ixtiyarımda idi. İstəyəndə baxırdım, istəməyən də yox. Altınəfərlik kamerada isə çoxluğun iradəsini nəzərə almalı olurdum. Demokratam axı...

Şüvəlan təcridxanasında isə vəziyyət tam başqa idi. Kürdəxanıdan fərqli olaraq burda televizorun pultu məhbuslara verilməmişdi. Növbətçi hissədən hansı kanala çevirirdilərsə, məhbuslar da ona baxmaq zorunda idilər. Anlaşılan, məmləkətdə vahid qaydalar yoxmuş. Müəssisə rəisləri özləri qərar verirlər – pult məhbuslara verilsin, ya verilməsin.

Növbətçi hissədə oturanlarla mənim zövqüm isə heç vaxt üst-üstə düşmürdü. Hərçənd, ola bilsin ki, məsələ zövqdə deyil, onlara verilən tapşırıqda idi. Digər tərəfdən, həftəiçi günlərin işıqlı vaxtında kanal seçiminin o qədər də fərqi olmur. Hara çevirirsən, aşağı-yuxarı eyni səviyyəli verilişlərdir. Şənbə günü isə hər yerdə hind filmləridir.

Əslində 13 aylıq tele-işgəncədən keçirdiyim hisləri təsvir etməkdə özümü gücsüz hesab edirəm. Yekəxanalıq olmasın, cəmiyyətdə formalaşan imicim buna imkan vermir. Düşünürəm ki, C.Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanının qəhrəmanı Holden Kolfildin tərzi bu işdə daha yararlı olardı. Təsəvvür edirəm, hətta “Əlvida, silah” romanını, Hollivud filmlərini bəyənməyən, azacıq qeyri-səmimilikdən ikrah hissi keçirən Holdeni bizim telekanallara baxmağa, oradakı özünütərifi, özünüreklamı dinləməyə məcbur edəsən... Yəqin ki, onun reaksiyasını yalnız “+16” məhdudiyyəti ilə yayımlamaq olardı. Mən isə müəllim, Müsavat funksioneri kimi mentalitet-filanı nəzərə alaraq yumşaq ifadələrdən – evfemizmlərdən yararlanmaq zorundayam.

Xəbər buraxılışları arasında ən dözülməzi bayaq bir qədər təriflədiyim AzTV-dədir. Tam əhatə etməyəcəyəm. Ən azı ona görə ki, heç bir buraxılışa tam baxmağa hövsələm çatmayıb. Bir nümunə gətirəcəyəm. 3-4 ay öncə ölkədə Su təsərrüfatı və meliorasiya günü qeyd edilirdi. AzTV-nin xəbərlər buraxılışı az qala bütün rayonlardan bu günün qeyd olunması haqqında reportajlar verdi. Maraq məni bürüdü ki, əcəba niyə bu qədər əhəmiyyət verilir bu tədbirlərə. Sanasan ki, ölkənin ən böyük siyasi bayramıdır... Cavab tapmayana qədər kanalı çevirmədim. Öz aramızda, bir az mazoxistliyim də var mənim. Nəhayət, reportajların birində marağıma cavab tapdım. Sən demə, Su təsərrüfatı və meliorasiya işçiləri günü yaxın dövrlərdə İlham Əliyevin sərəncamı ilə təsis edilibmiş. Necə deyərlər, şərhsiz. Və ya Allah ölənlərinə rəhmət eləsin, Holden Kolfild.

AzTV-nin digər məzəli cəhəti isə filmlərdə adicə öpüş səhnələrinin kəsilməsidir. Heç bir pornoqrafik, hətta erotik səciyyə daşımayan kadrlar belə qayçılanır. Yetər ki, kişi və qadın “komsomol məsafəsi”ndən daha yaxın dursunlar bir-birinə. Sanki hansısa klerinal dövlətin telekanalıdır. Filmlərdən söz düşmüşkən deyim ki, ölkədə filmlərin Azərbaycan dilinə çevrilməsi ilə məşğul olan müstəqil firmaların yoxluğu telekanalların repertuarlarına bərbad təsir göstərir. Hər telekanal özü məşğul olur bu işlə. Olduqca qeyri-rasional olan bu qayda ona gətirib çıxarır ki, telekanalların ixtiyarında məhdud sayda filmlər olur. Nəticədə təkrarçılıq baş alıb gedir. Film başlayarkən dustaqların dilindən “yenə bunu göstərirlər”, “eyni filmə nə qədər baxarlar” tipli replikalar eşitmək adi haldır. Vay o haldan ki, eyni filmi bir neçə telekanal tərcümə edə! O zaman həmin film, ümumiyyətlə, gözlərinizi yağır edəcək. Məsələn, “Cəsur ürək” filmi kimi. Filmlər haqqındakı abzası yekunlaşdırarkən ədalət naminə onu da deyim ki, son illərdə tərcümələrin keyfiyyətində müəyyən irəliləyiş hiss olunur.

Verilişlərə gəlincə, ilk növbədə onların mövzuları qıcıq doğururdu. Xırda və özəl ailə-məişət məsələləri Milli müzakirə mövzusuna çevrilirdi. Haradasa 2 qardaş miras qalmış daşınar və ya daşınmaz əmlakı bölə bilmirdilər, hardasa qaynana gəlini yola vermirdi, haradasa ər qaçmış arvadını axtarırdı və s. və i.a. ağlagəlməz şeylər. Baxırsan ki, axı bunlar özəl şeylərdir, amma yox. Ekspert qismində dəvət olunmuş qonaqlar öz müdrik məsləhətlərini əsirgəmirdilər. Özü də nə sirdirsə, belə ekspertlərin sırasında mütləq bir neçə musiqiçi, meyxanaçı olur. Sanki ölkənin ən müdrik adamları onlardır. Lap Ərdoğanın “aqil adamları kimi”. Məmləkətdə nə psixoloq var, nə sosioloq, nə də alim və yazıçı. Bircə müdrik musiqi əhli, xüsusən də müğənnilər var.

Bəzən də verilişlərin heç mövzusu olmur. Baxırsan, söhbətin məğzini anlamaq mümkün deyil. Ruslar buna “mejdusoboyçik” deyirlər. Yəni “sizin it gəldi bizim baltanı apardı” söhbəti. “Mejdusoboyçik” dedim, yadıma düşdü. Əksər verilişlərin aparıcılarının Azərbaycan dilinə münasibəti xüsusi qıcıq doğurur. Vaxt vardı ki, verilişin qonaqları rusca bir söz işlədəndə aparıcılar düzəliş edir, həmin sözün Azərbaycanca qarşılığını səsləndirirdilər. İndi isə yox. İllah da ki, ATV kanalında “prosta”, “koneçno”, “uje”, “daje” kimi sözlər aparıcıların dilindən düşmür. Bu vəziyyətdən narahat olan, yiyəsi ölmüş dövlət dilinin qayğısına qalan kəs isə gözə dəymir.
Qayıdaq müdriklər müdriki müğənnilərimizə. Telekanallarda verilişlərin əksəriyyəti onlardan bəhs edir, yəni maqazin xarakterlidir. Rəsmilərin tez-tez “bizim Qarabağ, Xocalı boyda dərdimiz var, bir milyon qaçqın, 20 faiz işğal” kimi ritorikasının fonunda ekranlardan çal-çağır əskik olmur. Özünü nə puritan, nə də patriot hesab etmirəm. Matəmpərəst də deyiləm, musiqini də sevirəm. Məsələ sadəcə əndazədədir, keyfiyyətdədir. Müğənnilərin, meyxanaçıların “bizim dövrün qəhrəmanları”na çevrilməsini, onlardan məqsədyönlü şəkildə kumir və düşüncələrin hakimi törədilməsinə etiraz edirəm. Hərçənd, bunun nə səbəbdən edildiyini anlamaq elə də çətin deyil.

Əyləncə verilişləri isə başqa mövzudur. İstisnasız olaraq türk kanallarından plagiatlaşdırılan bu verilişlər də bir işgəncədir. Türk aparıcılarından fərqli olaraq kreativliyi, yumor qabiliyyəti və aktyorluq istedadı ilə seçilməyən bizim aparıcılar bunu çığır-bağır, şitlik və bayağılıqla, türkün sözü, telafi etməyə çalışırlar. Türk kanallarındakı əyləncəli-intellektual verilişləri isə plagiatlaşdırmaq istəyən yoxdur. Ümumiyyətlə, intellektuallıq baxımından yerli telekanallarda dəhşətli kasadlıq hökm sürür.

Yuxarıda tele-işgəncə dövrünü 13 ay yazmışdım. Əslində isə 12 ay yazmalı idim. Çünki bu müddət ərzində 1 aylıq işıqlı xatirə də var. Futbol üzrə dünya çempionatının keçirildiyi 1 ay. Bax, onda bütün bayağılıqlardan dincəldik, kameraların televizorla təhciz edilməsinin tam dadını çıxardım. Çempionatdan 20 gün sonra isə cəzaçəkmə müəssisəsinə göndərildim. Burada isə kamera şəraiti deyil, televizorun əsarətində deyilsən. Mən də ondan uzaq gəzirəm.

P.S. Kameralarda televizordan başqa daha bir psixoloji işgəncə növü var. Kriminal və ya “blotnoy” mahnılar. “Mı kriminalnıy kruq”, “Qəşəng, qəşəng”, “Ay brat, ay brat” tipli. Lakin bu artıq başqa mövzudur. Bəlkə gələcəkdə bəhs etdim.

 

Frontline Updates
Support local journalists